Azərbaycana məxsus qiymətli kağızlar Türkiyədə necə ticarət ediləcək?

Türkiyənin “İstanbul Fond Birjası”nda (“Borsa İstanbul”) listinqdə olan qiymətli kağızların “Bakı Fond Birjası”nda, Azərbaycana məxsus qiymətli kağızların isə Türkiyənin fond bazarında ticarət olunması barədə iki ölkə arasında razılıq əldə edilib.

İqtisadçı ekspert Cəfər İbrahimli "Report"a açıqlamasında bildirib ki, Azərbaycana məxsus qiymətli kağızların Türkiyə bazarında ticarət olunması ölkəmizin kapital bazarına likvid vəsaitlərin cəlb edilməsini artıra bilər:

“Azərbaycan və Türkiyənin qiymətli kağızlar bazarının bir-birinə inteqrasiya edilməsi çox uzun müddətin müzakirə mövzusudur. Azərbaycanda kapital bazarı mövcud olandan, yəni 2008-2009-cu illərdən Türkiyə bazarı ilə bir əməkdaşlıq var. Hətta Türkiyə birjasının iştirakçıları və investisiya şirkətləri Bakı Fond Birjasının səhmdarıdır. Bakı Fond Birjası qurulanda onlar səhmdar olub və dəstək veriblər. Bu proses həmişə gündəmdədir ki, Azərbaycan şirkətlərinin qiymətli kağızları Türkiyə birjasında, Türkiyənin qiymətli kağızları da Azərbaycan bazarında əməliyyat olunsun. Burda söhbət hər iki ölkənin həm dövlət, həm özəl sektorunun qiymətli kağızlarının qarşılıqlı ticarəti və saxlanması (depozitar xidmətindən) məsələlərindən gedir. 2008-2009-cu illərdən azərbaycanlı investorlar Azərbaycan investisiya şirkətləri üzərindən Türkiyə şirkətlərinin səhmlərinin alqı-satqısını edirdi. Bu gün də bizim investisiya şirkətləri İstanbul Fond Birjasında əməliyyat edə bilir, hansı investor da Türkiyədəki hansı qiymətli kağızı almaq istəyirsə, yerli investisiya şirkətləri üzərindən bu əməliyyatı apara bilir”.

C.İbrahimli bildirib ki, Türkiyə investorlarının hər zaman Azərbaycanda dövlət qiymətli kağızlarına marağı olub:

“Hətta Türkiyə investisiya şirkətləri bəzi zamanlarda Azərbaycanın dövlət qiymətli kağızlarına da investisya ediblər. Amma bunu Azərbaycan bazarında ediblər. İndi isə bizim qiymətli kağızların Türkiyədə, bu ölkənin qiymətli kağızlarının da buranın fonrd birjasında qarşılıqlı tanınması ilə əməliyyat aparılması, yəni inteqrasiya prosesi barədə söhbətlər gedir. Düşünürəm ki, inteqrasiya prosesində ilk olaraq dollarla olan Azərbaycana məxsus istiqrazların Türkiyə bazarında əməliyyatı mümkün olacaq”.

Ölkədəki investisiya şirkətlərindən birinin direktor müavini Nəriman Yaqubov qeyd edib ki, iki ölkəyə məxsus qiymətli kağızların onların daxili birjalarına qarşılıqlı inteqrasiyasını kross-listinq və depozitar çıxarış mexanizmləri ilə etmək mümkündür:

“Beynəlxalq təcrübədə kross-listinq etmək və ya depozitar çıxarış etmək mexanizmləri var. Kross listinq edilərsə, şirkətin səhmləri Azərbaycanda listinq edildikdən sonra bir də Türkiyədə listinqdən keçməlidir. Kross-listinq adətən səhmləri nəzərdə tutur. Çünki istiqrazlar 90 % hallarda birjadan kənar ticarət olunur. Depozitar çıxarış məsələsində isə investisiya şirkəti Türkiyədən səhmi alır, sonra ordan çıxarış alır və o çıxarışı burda listinq edir. Eyni mexanzmi Türkiyədə də tətbiq etmək mümkündür. Bu, bir beynəlxalq mexanizmdir və hər iki ölkəyə aid edilə bilər”.

“Burda əsas məsələ birja yox, depozitarların inteqrasiyasıdır. Əsas məsələ odur ki, bizdə saxlanılan kağızları Türkiyədə, Türkiyədə saxlanılan kağızları da bizdə tanısınlar. Bizim investoru onlar tanısın, onların investorunu da biz. Əks halda Türkiyənin vətəndaşı bizim kağızı almaq üçün gəlib burda depozitarda qeydiyyatdan keçməlidir. Türkiyədə istiqraz satışı çox da yayılmayıb. Orda əsasən səhmlər satılır. Praktikada Türkiyədə xarici valyutada ticarət olunan yerli istiqraz görməmişəm”, - deyə N.Yaqubov bildirib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13 milyard 039,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 % çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 97,5 % artaraq 9 231 olub.

BFB-nin dövriyyəsinin 50,4 %-i, yaxud 6 milyard 573,487 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 1,7 % azdır. Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 4,2 dəfə azalaraq 418,928 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,5 dəfə artaraq 6 milyard 047,494 milyon manat olub.

Digər xəbərlər