“Turan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 404 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 dəfə azdır.
9 ay ərzində “Turan Bank”ın gəlirləri 34,522 milyon manat (illik müqayisədə 14,6% çox), xərcləri 33,491 milyon manat (17,8% çox), xüsusi ehtiyatlara ayırmaları 627 min manat (2,3 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Turan Bank”ın aktivləri 671,282 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,7% çoxdur. Bunun 403,115 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,9% böyüyüb.
Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 23% artaraq 584,725 milyon manata, o cümlədən depozit portfeli 31,8% artaraq 361,854 milyon manata, balans kapitalı isə 13,6% artaraq 86,557 milyon manata, o cümlədən nizamnamə kapitalı 14,3% artaraq 80,005 milyon manata çatıb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55,3%-i 20 fiziki şəxsə, 44,7%-i isə 8 hüquqi şəxsə məxsusdur.