“Qarabağ Futbol Klubu” MMC 2021-ci ili 3,568 milyon manat zərərlə başa vurub.
“Report” klubun maliyyə hesabatına istinadən xəbər verir ki, zərər 2020-ci ilə nisbətən 5,5 % azdır.
Ötən il “Qarabağ Futbol Klubu” əvvəlki illə müqayisədə 29,6 % çox – 16,311 milyon manat gəlir əldə edib. Bunun 15,916 milyon manatı nümayiş hüququndan daxilolmalardan (33,2 % çox), 395 min manatı isə sair gəlirlərdən (38,1 % az) əldə olunub.
Ötən il ərzində klubun xərcləri 23,2 % artaraq 19,804 milyon manat təşkil edib. Bunun 11,451 milyon manatı (27,1 % çox) əmək haqqı və mükafatların verilməsinə, 497 min manatı (29,8 % az) əsas vəsaitlərin amortizasiyasına, 1,531 milyon manatı (11,2 % az) qeyri-maddi aktivlərin köhnəlməsinə, 6,326 milyon manatı (36,5 % çox) sair xərclərə yönəldilib.
Bu il yanvarın 1-nə “Qarabağ Futbol Klubu”nun aktivləri 32,52 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,6 % çoxdur.
Hesabat dövründə klubun öhdəlikləri 98,2 % artaraq 14,414 milyon manata, balans kapitalı isə 19,2 % azalaraq 18,105 milyon manata enib.