"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" bu ilin yanvar-sentyabr aylarını 280 milyon lirə (8,4 milyon manat) xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 % azdır.
9 ayda "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 392 milyon lirə (11,76 milyon manat, 1 il əvvələ nisbətən 1,3 % az), mənfəət vergisi ödəmələri isə 112 milyon lirə (3,36 milyon manat; 1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il oktyabrın 1-nə "PAŞA Yatırım Bankası"nın aktivləri 17 milyard 830 milyon lirə (534,9 milyon manat) olub ki, bu da illik müqayisədə 25,3 % çoxdur. Bunun 9 milyard 203 milyon lirəsi (276,09 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 37,4 % böyüyüb.
Hesabat dövründə "PAŞA Yatırım Bankası"nın öhdəlikləri 26,5 % artaraq 15 milyard 226 milyon lirəyə (456,78 milyon manat), balans kapitalı isə 18,6 % artaraq 2 milyard 604 milyon lirəyə (78,12 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (15 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,21 %-i "PAŞA Bank"a, 0,04 %-i isə "Aksoy Holdinq"ə məxsusdur.
1 lirə = 0,03 manat