Hesablama Palatası büdcə layihələndirilməsi prosesində "yaşıl büdcə" mexanizminin tətbiqi istiqamətində addımların atılmasını tövsiyə edib.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bundan əlavə, büdcə kəsirinin maliyyələşmə mənbələri üzrə proqnozların bütün komponentlər üzrə daha konkret şəkildə, məbləğləri göstərilməklə büdcə sənədləşməsinə daxil edilməsi, "Büdcə sistemi haqqında" Qanunun 1.1-ci maddəsinin altıncı hissəsində büdcədənkənar əməliyyatlar üzrə anlayışa yenidən baxılması, ortamüddətli dövr üçün hədəf göstəricilərin müəyyən edilməsi qaydasında gəlirlərlə yanaşı xərclərin də əhatə olunması, vahid büdcə təsnifatında icbari tibbi sığorta ödənişləri ilə bağlı ayrıca paraqrafın təsbit edilməsi, dövlət sifarişləri üzrə mexanizmin təkmilləşdirilməsi, dövlət sifarişinin formalaşması prosesinin elektronlaşdırılması və Açıq Büdcə İndeksində ölkəmizin mövqeyinin yaxşılaşdırılması kimi hədəflərin reallaşdırılması məqsədilə büdcə sənədləşməsinin təkmilləşdirilməsi, "Büdcə sistemi haqqında" Qanunun 12, 16, 18 və 20-ci maddələri ilə bağlı təkliflərimizin diqqətdə saxlanılmasını tövsiyə etmişik" – deyə o qeyd edib.