Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC 2025-ci ili 14,067 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,4 % azdır.
Ötən il "Azəralüminium"un satışdan gəlirləri 262,313 milyon manat (əvvəlki ilə nisbətən 5,2 % çox), satışının maya dəyəri 233,725 milyon manat (4,7 % çox), ümumi və inzibati xərcləri 10,154 milyon manat (55,6 % çox), satış və paylanma xərcləri 1,665 milyon manat (44,8 % az), gözlənilən kredit zərərləri üzrə ehtiyatın bərpası hesabına gəliri 133 min manat (28,2 dəfə az), xalis gəlirləri 2,689 milyon manat (8,8 dəfə çox), maliyyə gəlirləri 1,041 milyon manat (19,7 % az), mənfəət vergisi ödəmələri 6,566 milyon manat (11,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azəralüminium"un aktivləri 398,954 milyon manat olub ki, bu da illik müqayisədə 4 % çoxdur. Hesabat dövründə "Azəralüminium"un öhdəlikləri 4,7 % artaraq 31,581 milyon manata, balans kapitalı isə 4 % artaraq 367,373 milyon manata çatıb.
Xatırladaq ki, "Azəralüminium" 2018-ci ildə dövlət qeydiyyatına alınıb, ötən ilin sonuna qədər "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tabeliyində olub. Onun nizamnamə kapitalı 282,561 milyon manatdır. Korporasiya Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilib.