Nazir: "Dövlət büdcəsinin 60 %-i elektron qaydada proqnozlaşdırılacaq"

Azərbaycanın dövlət büdcəsinin 60%-i elektron qaydada proqnozlaşdırılacaq.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, ümumilikdə, təqribən üç il ərzində Azərbaycanın dövlət vəsaitlərinin, dövlət aktivlərinin, qeyri-maliyyə aktivlərinin və digər aktivlərin tam elektron uçotu vahid reyestrdə cəmləşdiriləcək: "Bu reyestr həmin məlumatları elektron müqavilə, elektron xəzinə və elektron büdcə sistemləri ilə tam şəkildə əlaqələndirməyə imkan verəcək. Reyestr əsasında proqnozlaşdırma aparıldıqda, növbəti illərdə dövlət büdcəsinin təqribən 60%-i elektron proqnozlaşdırma əsasında formalaşdırılacaq. Müvafiq məlumatlar formalaşdıqdan sonra fərdi yanaşmaya ehtiyac qalmayacaq".

Bundan başqa, nazir deyib ki, elektron təhvil-təslim mexanizmi yaxın günlərdə tam istifadəyə veriləcək: "Hazırda avans, icra və digər bank zəmanətləri elektron platforma üzərindən icra olunur. Bu, 5-10 iş günlük vaxt itkisini tamamilə aradan qaldırıb. Müvafiq mexanizm artıq yekun mərhələdədir və yaxın günlərdə tam istifadəyə veriləcək. Bu yenilik maliyyə şöbələrinin fəaliyyətini daha da təkmilləşdirəcək".

Digər xəbərlər