Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 138,4 milyard manata (81,4 milyard ABŞ dolları) çatacaq.
Bu barədə "Report" Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.
2027-ci ildə bu göstərici 150,3 milyard manata (88,4 milyard ABŞ dolları) yüksələcək, 2028-ci ildə isə 162,2 milyard manat (95,4 milyard dollar) həddinə çatacaq.
Qeyd edək ki, 2025-ci ilin yekunlarına görə ölkənin nominal ÜDM-i 129,1 milyard manat (75,9 milyard ABŞ dolları) səviyyəsində qeydə alınıb.
Azərbaycanın adambaşına düşən ÜDM-in dollar ekvivalentinə gəldikdə, o, 2026-cı ildə 7 857 ABŞ dollarından 2027-ci ildə 8 451 dollara və 2028-ci ildə 9 032 dollara qədər artacaq.
"Nominal iqtisadiyyatın həcminin artırılması qeyri-neft sektorunun sabit inkişafı, eləcə də bütün üçillik dövr ərzində milli valyutanın məzənnəsinin 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində saxlanılması hesabına təmin ediləcək", - hesabatda qeyd edilib.