IFC Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün üç prioritet istiqamət təqdim edib

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün üç istiqamət müəyyənləşdirib.

"Report" xəbər verir ki, bunu IFC-nin Azərbaycan üzrə ölkə nümayəndəsi Aliyə Əzimova "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" konfransında bildirib.

O vurğulayıb ki, sektorun bu günədək nail olduğu uğurlar əsasında üç əsas istiqaməti qeyd etmək vacibdir: "Birincisi, mikromaliyyənin real iqtisadiyyatda meydana çıxan yeni imkanlarla daha yaxından əlaqələndirilməsidir. Azərbaycanın mikromaliyyə qurumları illər boyu sahibkarlara və fermerlərə çevik maliyyə dəstəyi göstərmək, müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətləri formalaşdırmaq qabiliyyətlərini sübut ediblər.

Yeni bazarların, maliyyə vasitələrinin və kommersiya əməkdaşlıqlarının yaranması ilə bu təcrübənin daha geniş miqyasda tətbiqi üçün imkanlar açılır. Kənd təsərrüfatı sahəsi buna əyani misal ola bilər. IFC ilə AMFA arasında aqrar kreditlərin qiymətləndirilməsi sahəsindəki əvvəlki birgə fəaliyyətə əsaslanaraq, məhsul sertifikatlaşdırması kimi yeni maliyyə vasitələrində böyük potensialın olduğunu görürük. Həmin alətlər kənd təsərrüfatı istehsalının maliyyələşdirilməsində yeni perspektivlər yarada, fermerlər, alıcılar və maliyyə institutları arasındakı əlaqələri möhkəmləndirə bilər. Hazırda Milli Məclisdə müzakirə olunan müvafiq qanun layihəsi bu cür alətlərin inkişafı və sektor üçün yeni maliyyələşmə yollarının açılması baxımından əhəmiyyətli hüquqi baza formalaşdıracaq".

İkincisi, rəqəmsal yeniliklərin genişləndirilməsi ilə paralel olaraq mikromaliyyənin rəqəmsal iqtisadiyyatdakı rolunun gücləndirilməsidir.

"Rəqəmsal transformasiya yalnız maliyyə xidmətlərinin təqdimetmə üsullarını deyil, eyni zamanda bu xidmətlərin harada formalaşdığını və iqtisadi dəyərin necə yaradıldığını dəyişir. Bu gün maliyyələşmə bilavasitə kommersiya əməliyyatlarına, rəqəmsal ticarət platformalarına və təchizat zəncirlərinə inteqrasiya oluna bilir. Nəticədə maliyyə xidmətləri dəstəklədikləri iqtisadi fəaliyyətə daha çox yaxınlaşır. Mikromaliyyə qurumları üçün bu proses yeni bazarlara daxil olmaq, fintex şirkətləri və kommersiya platformaları ilə əməkdaşlıq qurmaq imkanları yaradır. Bununla yanaşı, bu qurumlar müştərilərini və yerli biznesləri uzun illər ərzində yaxından tanımaq kimi mühüm üstünlüyə sahibdirlər", - A. Əzimova əlavə edib.

Onun fikrincə, AMFA artıq rəqəmsal kredit skorinqi, fintex əməkdaşlıqları və ortaq texnoloji həllər istiqamətində müzakirələrə zəmin yaradır. Bunlar sektorun formalaşan rəqəmsal maliyyə ekosistemində daha aktiv rol oynaması üçün əhəmiyyətli əsaslardan biridir.

"Üçüncüsü, investisiya cəlb etmə imkanlarının genişləndirilməsidir. Mərkəzi Bankın mikromaliyyə üzrə strateji çərçivəsi sektorun gələcək inkişafı üçün mühüm zəmin yaradır. IFC-nin beynəlxalq təcrübəsi, xüsusilə yerli valyutada maliyyələşmə sahəsindəki əməkdaşlıq nümunələri göstərir ki, dayanıqlı maliyyə mənbələri, sağlam korporativ idarəetmə və effektiv risk idarəçiliyi xüsusi önəm daşıyır. Kambocada "Akleda", Efiopiyada "Vision Fund" və Kosovoda "KEP Trust" ilə bağlı təcrübələrimiz də bunu təsdiq edir. Lakin investisiyaların cəlb olunması yalnız ayrı-ayrı qurumların gücləndirilməsi ilə məhdudlaşmır. Müxtəlif kapital mənbələrinin sektorda iştirakına imkan yaratmaq da böyük əhəmiyyət daşıyır. İstər yerli investorlar, istər beynəlxalq tərəfdaşlar, istərsə də kapital qoyuluşları, borc maliyyələşməsi, zəmanətlər və risklərin bölüşdürülməsi mexanizmləri vasitəsilə – sektor irəlilədikcə qurumların fəaliyyət miqyasının artırılması, maliyyələşmə modellərinin şaxələndirilməsi və kapital bazarları ilə əlaqələrin gücləndirilməsi daha geniş investor bazasının cəlb edilməsinə şərait yarada bilər. Burada əsas imkan sadəcə daha çox maliyyə resurslarının cəlb edilməsi deyil, kapitalın sektora axını üçün daha müxtəlif kanalların açılmasıdır".

A. Əzimovanın sözlərinə görə, bu üç istiqamət bir-birilə sıx bağlıdır: "Məhz bu səbəbdən AMFA-nın rolu xüsusi əhəmiyyət kəsb edir. Maliyyə sektorunun inkişafı yalnız ayrı-ayrı qurumların potensialından deyil, həmçinin onların fəaliyyət göstərdiyi ekosistemin keyfiyyətindən, peşəkar standartlardan, əməkdaşlıq imkanlarından, innovasiya potensialından və dəyişikliklərə adaptasiya qabiliyyətindən asılıdır".

Digər xəbərlər