“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli emitent defolt reytinqi (IDR) üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişdirib.
“Report” agentliyin məlumatına istinadən xəbər verir ki, bankın reytinqi “BB-” səviyyəsində təsdiqlənib.
Bankın IDR üzrə “müsbət” proqnozu “Fitch”in ABB-nin gəlirlərin yaradılması və biznes həcmləri baxımından əlverişli əməliyyat mühitindən faydalanacağına dair gözləntilərini əks etdirir.
ABB Azərbaycanın ən böyük bankıdır, 2023-cü ilin birinci yarısının sonuna olan məlumata görə, bank sektorunun aktivlərinin 26 %-i və kreditlərinin 20 %-i onun payına düşür. Bunun nəticəsi də bankın güclü yerli müştəri bazası və əhəmiyyətli qiymət gücüdür. ABB 96 % dövlətə məxsusdur.
“2023-cü ilin birinci yarısının sonunda bankın xalis kreditləri cəmi aktivlərin cəmi 33 %-ni təşkil edib, qeyri-kredit riskləri isə əsasən ən azı “BB+” kredit keyfiyyətinə malik olub. Bu balans strukturu ABB-nin aktivlərinin keyfiyyəti və gəlirliliyin ölkədəki analoqlarından daha sabit olması, eləcə də möhkəm kapital və likvidlik buferləri ilə nəticələnir”, - hesabatda deyilir.
“Fitch”in məlumatına görə, ABB-nin dəyərsizləşmiş kreditləri (Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə 3-cü dərəcəli kreditlər) birinci yarımilin sonunda ümumi kreditlərin cəmi 4,3 %-ni təşkil edib və mümkün kredit itkiləri üçün ümumi ehtiyatlarla qarşılanıb. 2-ci dərəcəli kreditləri daha 0,9 % əlavə artıblar. “Fitch” hesab edir ki, böyük korporativ risklər adekvat şəkildə təsnif edilib və onlar üzrə ehtiyatlar yaradılıb.
“Dəyərsizləşmiş kredit əmsalının 2023-2024-cü illərdə 5 %-dən aşağı qalacağını gözləyirik, hərçənd kredit portfelinin artımı ilə bağlı artan gözləntilər portfelin mövsümiliyi səbəbindən risk dəyərinin artmasına səbəb ola bilər”, - hesabat müəllifləri hesab edirlər.
Bankın illik xalis faiz gəliri 2023-cü ilin birinci yarısında orta gəlirli aktivlərlə (pul vəsaitləri və onların ekvivalentləri də daxil olmaqla) müqayisədə 4,9 % yüksəlib. Ötən ilin analoji dövründə bu göstərici 3,9 % idi. Yaxşı əməliyyat səmərəliliyi ilə birlikdə (xərc/gəlir nisbəti 41 % təşkil edib), bu, orta ümumi kreditlərin yüksək 11 %-ni əhatə edən dəyərsizləşmədən əvvəlki yüksək mənfəətlə nəticələnib. Nəticədə, ABB-nin illik əməliyyat mənfəətinin risklə ölçülmüş aktivlərə (RWA) nisbəti keçənilki 6,6 % qarşılığında 6,4 % təşkil edib.
“Bankın əməliyyat rentabelliyinin ortamüddətli perspektivdə azalacağını, lakin yüksək olaraq qalacağını gözləyirik”, - agentlik qeyd edir.
“Fitch” hesab edir ki, ABB-nin “Fitch Core Capital” (FCC) əmsalı yüksək olub - 2022-ci ilin sonundakı 32 %-dən 2023-cü ilin birinci yarısının sonunda 30 %-ə qədər azalıb. Agentlik sürətli kredit artımı (2023-cü ildə 30 % və 2024-cü ildə 25 % səviyyəsində təxmin edilir) və əhəmiyyətli dividend ödənişləri səbəbindən bankın FCC əmsalının ortamüddətli dövrdə 24 %-ə enəcəyini gözləyir.
“Bank ilk növbədə depozitlər hesabına (ümumi öhdəliklərin 87 %-i) maliyyələşir. Dövlət şirkətlərinin böyük depozit portfeli var (ümumi əmanətlərin 60 %-i), lakin biz bu əmanətçiləri sabit və əsas hesab edirik. ABB-nin likvidlik buferi həm yerli, həm də xarici valyutada xeyli möhkəmdir, bunu onun müştərilərinin krediti/depozit nisbətinin 46 % olması sübut edir”, - hesabatda qeyd olunub.
Kredit keyfiyyətinə ciddi təzyiq olacağı, məsələn, gözlənilən sürətli kredit artımı, sürətli artım və böyük dividend ödənişlərinin kombinasiyası nəticəsində kapital/likvidlik buferlərində əhəmiyyətli azalma olacağı halda “Fitch” bankın reytinq proqnozunu “sabit”ə dəyişə bilər.