Azərbaycanın aparıcı faktorinq xidməti “Ferrum Kapital” QSC 2022-ci ili 2,158 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,7 % azdır.
Ötən il “Ferrum Kapital”ın vergiyəqədərki mənfəəti 2,699 milyon manat (əvvəlki ilə nisbətən 10 % az), mənfəət vergisi ödəmələri isə 540 min manat (11,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Ferrum Kapital”ın aktivləri 56,897 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Bunun 36,102 milyon manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Son 1 ildə şirkətin borc portfeli 0,6 % böyüyüb.
Hesabat dövründə şirkətin öhdəlikləri 17 % artaraq 46,93 milyon manata, balans kapitalı isə 6,3 % artaraq 9,966 milyon manata çatıb.
Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68 %), Məhəmməd Həbibzadə (23 %), “AQA Şirkətlər Qrupu” MMC (4,5 %) və “Vesta İnvestment” MMC-dir (4,5 %).