Ekspert: "Azərbaycanda mikrokreditlər üçün yeni bazar yaradıla bilər"

Azərbaycanda mikrokreditlər üçün yeni bazar yaradıla bilər.

"Report" xəbər verir ki, bunu mikromaliyyə sahəsi üzrə ekspert Pyotr Korınski "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, vaxtilə Azərbaycanın mikromaliyyə institutları xarici investisiyalar hesabına maliyyələşib: "Onlar xarici valyutada vəsait cəlb edir və borcalanlara ötürürdülər. Lakin borcalanlar aldıqları vəsaitləri geri qaytara bilmirdilər. Beləliklə, makroiqtisadi qeyri-sabitlik və yaxud makroiqtisadi şok baş verdikdə problemlər yaranırdı. Əslində, bu, baş verməməli idi, lakin belə hallar hər zaman yaşanır. Azərbaycan bu cür problemlərlə üzləşən ilk ölkə deyil. Sektorun bərpası 10 il çəkdi. Buradan çıxarılan nəticə budur ki, ən azı yerli valyutada maliyyələşmə olmalıdır. Bu, baş verənlərin qarşısını almaq baxımından vacibdir".

"Bununla yanaşı, başqa bir məqam da var. Mikromaliyyə yalnız müştərilərin deyil, həm də institutların maliyyə sisteminə inteqrasiyasını təmin etməlidir. Bu institutlar maliyyə institutları kimi ümumi sistemlə əlaqələndirilməli və bütöv maliyyə sisteminin bir hissəsi kimi nəzərdən keçirilməlidir. Bunun üçün sekuritizasiya mexanizmindən istifadə etmək təklif olunur. Bu, ABŞ-da, xüsusilə Kiçik Biznes Administrasiyasının proqramları çərçivəsində verilən kiçik biznes kreditləri üzrə geniş istifadə olunan standart alətdir. Həmin kreditlər qiymətli kağızlar şəklində yenidən strukturlaşdırılaraq investorlara satılır. Bu gün ABŞ-da banklar, əsasən, kiçik biznes kreditlərini öz balanslarında saxlamırlar. Sekuritizasiya Avropada da getdikcə populyarlaşır, lakin bu sahədə ABŞ, əlbəttə ki, liderdir", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, bu təcrübəni Azərbaycanda da tətbiq etmək olar: Mexanizm çox mürəkkəb görünə bilər, lakin onun mahiyyəti olduqca sadədir. Mikromaliyyə institutları kreditlər verir və müəyyən müddət ərzində, məsələn, üç ay həmin kreditləri öz portfellərində saxlayırlar. Daha sonra kreditlərin 80%-ni xüsusi təyinatlı quruma satırlar. Həmin qurum isə kreditləri istiqrazlar şəklində birləşdirərək investorlara təqdim edir. Bəs bu istiqrazlarla bağlı risklər necə qiymətləndirilməlidir? Pilot layihə həyata keçirmək, mexanizmin texniki baxımdan necə işləyəcəyini araşdırmaq və məsələni daha dərindən öyrənmək lazımdır. Nəticədə, həmin istiqrazlar investorlara satıla bilər".

"Burada əsas məsələlərdən biri kredit portfelinin risk səviyyəsidir. Buna görə, ilk növbədə, mikromaliyyə institutları təsnifləşdirilməlidir. Bütün institutlara kreditlərini satmaq imkanı verilməyəcək, onlar müəyyən meyarlara cavab verməlidirlər. Eyni zamanda, bütün kreditlər deyil, yalnız müəyyən tələblərə cavab verən biznes kreditləri bu mexanizmə daxil edilməlidir. Bunun üçün mikromaliyyənin əhatə dairəsi, hansı institutların hansı tələblərə cavab verməli olduğu və kreditlərə dair meyarlar dəqiq müəyyənləşdirilməlidir. Həmçinin sənədləşmə standartlaşdırılmalıdır ki, bütün kreditlər üzrə sənədlər eyni formata uyğun olsun. Sekuritizasiya bazarının yaradılması üçün müəyyən səviyyədə standartlaşdırma və şərtlərin vahidləşdirilməsi zəruridir", - deyə P.Korınski əlavə edib.

Digər xəbərlər