Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Veysəloğlu" Şirkətlər Qrupuna (Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının pərakəndə satışı bazarının ən böyük iştirakçılarından birinə) 126 milyon manata (təxminən 65 milyon avro) qədər kreditin ayrılması məsələsini nəzərdən keçirir.
"Report" EBRD-yə istinadən xəbər verir ki, qrupun irimiqyaslı investisiya proqramının ümumi dəyəri təxminən 373 milyon manat təşkil edir.
EBRD tərəfindən ayrılan vəsaitlər digər kredit təşkilatlarının da cəlb edilməsi ilə formalaşdırılan daha geniş maliyyə paketinin tərkibinə daxildir. Layihə çərçivəsində resursların şirkətin ticarət şəbəkəsinin və avtomobil parkının genişləndirilməsinə, həmçinin ölkə ərazisində yeni paylama mərkəzinin inşasına yönəldilməsi nəzərdə tutulur.
Güman ki, layihənin maliyyələşdirilməsi "EFSD+"un "Bələdiyyə, infrastruktur və sənaye sahələrinin dayanıqlılığının artırılması proqramı plyus" zəmanət sazişinə uyğun olaraq Avropa İttifaqı tərəfindən birinci növbəli risklərin örtülməsi ilə təmin olunacaq. EBRD-nin məlumatına əsasən, layihə şirkətin uzunmüddətli inkişafına dəstək verməyə, logistika infrastrukturunun və pərakəndə satış sektorunun modernləşdirilməsinə, həmçinin tədarük zəncirlərindəki mövcud məhdudiyyətlərin aradan qaldırılmasına yönəlib. Əsas ekoloji səmərə daha dayanıqlı ərzaq logistikasının maliyyələşdirilməsi, o cümlədən EDGE sertifikatlaşdırma standartına cavab verən paylama mərkəzinin tikintisi və yeni ticarət obyektləri üçün enerji üzrə səmərəli həllərə investisiyalar hesabına təmin ediləcək. Layihənin inklüziv tərkib hissəsinə qrupun kadr siyasətinin yenilənməsi, işçilərin ixtisasının artırılması və əmək şəraitinin təkmilləşdirilməsi daxildir.
Hazırda layihə ilkin təhlil mərhələsindədir və onun EBRD-nin Direktorlar Şurası tərəfindən rəsmi olaraq nəzərdən keçirilməsi isə bu il dekabr 2-nə planlaşdırılıb.
Xatırladaq ki, "Veysəloğlu" Şirkətlər Qrupu 1994-cü ildə yaradılıb və distribüsiya, pərakəndə satış, logistika və istehsalat sahələrində fəaliyyət göstərir.