Ötən ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın xarici borcunun ümumi həcmi illik 9,3 % azalma nümayiş etdirərək 12,327 milyard ABŞ dollarına çatıb.
"Report" Dünya Bankının "International Debt Report 2026" illik hesabatına istinadən xəbər verir ki, 2015-ci ildən 2025-ci ilə qədərki onillik dövr ərzində ölkənin xarici öhdəliklərinin həcmi 6,5 % azalaraq 2015-ci ildəki 13,179 milyard ABŞ dollarından 2025-ci ilin sonuna 12,327 milyard ABŞ dollarına düşüb.
Hesabata əsasən, Azərbaycanın xarici öhdəliklərinin ən böyük payı 11,041 milyard ABŞ dolları təşkil edən dövlət borcu və dövlət zəmanətli borcdan (PPG) ibarətdir. Özəl zəmanətsiz borc (PNG) 1,064 milyard ABŞ dollarına, qısamüddətli borc isə 222 milyon ABŞ dollarına bərabərdir.
Qeyd edilib ki, ümumilikdə Avropa və Mərkəzi Asiya regionu miqyasında məcmu xarici borc 2025-ci ildə 15,3 % artaraq 1,34 trilyon ABŞ dollarına çatıb. Bu region dünyadakı bütün inkişaf etməkdə olan regionlar arasında ixraca nisbətdə borc yükü (152 %) və borca xidmətin ixraca nisbəti (24,8 %) üzrə ən yüksək göstəriciləri nümayiş etdirib.
Xəbər yenilənir