Beynəlxalq maliyyə institutlarının Azərbaycana investisiyaları 4 dəfədən çox artıb

Bu ilin III rübündə beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına qeyri-suveren maliyyələşdirmə 185 milyon ABŞ dollarına çatıb və bu, ötən ilin eyni dövründəki 42 milyon dollarla müqayisədə 4,4 dəfə çoxdur.

"Report" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) "Yeni iştirakçılar və əsas əqdlər: 2026-cı ilin III rübündə Avrasiyada beynəlxalq maliyyə təşkilatlarının investisiyaları" adlı analitik icmalında bildirilib.

Məlumata əsasən, ölkədə bu cür nəzərəçarpan artım Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB), OPEC Beynəlxalq İnkişaf Fondunun və Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) iştirakı ilə zəmanət və infrastruktur əməliyyatlarının artırılması sayəsində təmin edilib.

Hesaba dövründə həyata keçirilən ən böyük əməliyyatlardan biri EBRD-in "AccessBank"a təqdim etdiyi, limiti 75 milyon avroyadək (təxminən 86 milyon ABŞ dolları) olan portfel zəmanətidir. Zəmanət kiçik və orta biznesə (KOB) verilən borclar üzrə kredit riskinin 50 %-dək hissəsini əhatə edir.

9 ayda EBRD-in layihələri əsasən maliyyə sahəsində cəmləşib, onlar üçün prioritet istiqamətlər isə Azərbaycan və Özbəkistan olub. Bundan əlavə, 2026-cı ilin üçüncü rübündə AIIB Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 45 milyon ABŞ dolları həcmində kredit yönəldərək, ilk dəfə olaraq Azərbaycanın su sektorunda layihəni təsdiqləyib. 40 milyon ABŞ dolları məbləğində borc ayıran OPEC Fondu da bu layihənin birgə maliyyələşdirilməsinə qoşulub. Qeyd olunan təşəbbüslər hesabına üçüncü rüb ərzində regionun su təsərrüfatı sektoruna beynəlxalq maliyyə təşkilatlarının yatırımları 85 milyon ABŞ dolları təşkil edib, bu seqmentdə mərkəzi layihə isə məhz Azərbaycanın duzsuzlaşdırma zavodu olub.

Sutkada təxminən 300 min kubmetr su layihə gücünə malik obyekt respublikada ilk irimiqyaslı duzsuzlaşdırma müəssisəsi, eləcə də ölkənin su sektorunda ilk dövlət-özəl tərəfdaşlığı layihəsi olacaq.

Digər xəbərlər