“Bank VTB Azərbaycan"ın mənfəəti 10 % azalıb

“Bank VTB Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 8,643 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,7 % azdır.

9 ay ərzində “Bank VTB Azərbaycan”ın gəlirləri 25,608 milyon manat (illik müqayisədə 13,2 % az), xərcləri 23,328 milyon manat (15,7 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 6,362 milyon manat (17,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 231,238 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur. Bunun 161,052 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,6 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 0,6 % artaraq 142,285 milyon manat, o cümlədən depozit portfeli 6,6 % azalaraq 71,839 milyon manat, balans kapitalı isə 14,3 % artaraq 88,953 milyon manat olub.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Digər xəbərlər