"Bank BTB” ötən ili cüzi mənfəətlə başa vurub

"Bank BTB” ASC 2021-ci ili 546 min manat mənfəətlə başa vurub. Halbuki, Bank 2020-ci ildən 9,13 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il "Bank BTB”nın gəlirləri 31,479 milyon manat (əvvəlki illə müqayisədə 1,1% çox), xərcləri 31,343 milyon manat (7,4% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 410 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə "Bank BTB”nin aktivləri 362,062 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7% çoxdur. Bunun 251,054 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 21,8% böyüyüb.

Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 1,6% artaraq 307,043 milyon manata, o cümlədən depozit portfeli 5,8% artaraq 147,433 milyon manata, balans kapitalı isə 1,9% artaraq 55,019 milyon manata çatıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Digər xəbərlər