"Bank Avrasiya"nın mənfəəti kəskin artıb

"Bank Avrasiya" ASC bu ilin I rübünü 145 min manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,35 dəfə çoxdur.

Yanvar-mart aylarında "Bank Avrasiya"nın gəlirləri 3,1 milyon manat (illik müqayisədə 6,3% az), xərcləri 1,6 milyon manat (1,1% az), xüsusi ehtiyatlara ayırmaları isə 1,3 milyon manat (19,6% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Bank Avrasiya"nın aktivləri 162 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,3% çoxdur. Bunun 95,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,5% böyüyüb.

Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 0,9% artaraq 92,1 milyon manata, o cümlədən depozit portfeli 9,4% artaraq 45,1 milyon manata, balans kapitalı isə 9,2% artaraq 69,9 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Digər xəbərlər