“Bank Avrasiya” ASC 2023-cü ili 6,622 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 3,65 dəfə çoxdur.
Ötən il “Bank Avrasiya”nın gəlirləri 18,589 milyon manat (əvvəlki illə müqayisədə 19,7 % çox), xərcləri 11,552 milyon manat (26,7 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1,706 milyon manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 2,12 milyon manat (3,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 184,538 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7 % azdır. Bunun 124,121 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 12,9 % böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 30,8 % azalaraq 104,099 milyon manata, o cümlədən depozit portfeli 39,2 % azalaraq 48,485 milyon manata düşüb, balans kapitalı isə 9 % artaraq 80,438 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.