Bu ilin I yarısında Azərbaycanda təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 23 % və yaxud 14 milyon manat artaraq 74 milyon manat olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8,6 % təşkil edib. Ötürülən təkrarsığorta haqlarının 4,9 %-i (3,6 milyon manat) həyat sığorta sinifləri, 95,1 %-i isə (70,7 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0,7 %-i, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 20 %-i təşkil edib.