Azərbaycanda SWIFT sisteminə alternativ mexanizmin yaradılması istiqamətində işlər aparılır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.
Onun sözlərinə görə, yeni yanaşma Azərbaycan üçün daha sürətli və daha ucuz pul köçürmə imkanları yaradacaq:
"Bununla yanaşı, Azərbaycanın fintex ekosistemi elektron pul (e-money) lisenziyalı şirkətlər üçün müştəri qəbulu (onboarding) və API-lər vasitəsilə beynəlxalq pul köçürmələri sahəsində kifayət qədər inkişaf etmiş imkanlar formalaşdırıb".
E.Abdullayev qeyd edib ki, kriptovalyutalar və IPO-larla (səhmlərin kütləvi təklifi) bağlı da geniş ideyalar mövcuddur:
"Bu təşəbbüslər müştərilərə kriptovalyuta ilə əməliyyat aparmaq imkanı yaradaraq Azərbaycanın kapital bazarına təsir göstərə bilər. Lakin ilk növbədə kriptovalyutalar üzrə KYC (müştərinin tanınması) və AML (çirkli pulların yuyulmasına qarşı mübarizə) mexanizmləri tam şəkildə formalaşdırılmalıdır".
Onun sözlərinə görə, texnoloji baxımdan fintex sektoru artıq sığorta texnologiyaları (insurtech) və kapital bazarı üçün həllər təqdim etməyə hazırdır:
"Eyni zamanda, bu sahədə məsuliyyətin də fərqindəyik və texnoloji inkişafı tənzimləmə prosesi ilə paralel aparmağı vacib hesab edirik. Əgər hüquqi boşluqlar mövcuddursa, müvafiq qaydalar və qanunvericilik hazırlanmalıdır".
E. Abdullayev xatırladıb ki, 2023-cü ildə ödəniş xidməti təminatçılarını (PSP) və elektron pul lisenziyalarını tənzimləyən qaydalar qəbul edilib, hazırda isə Mərkəzi Bank kriptovalyuta və virtual aktivlərin tənzimlənməsi üzrə normativ baza üzərində işləyir.
"Biz bu məsuliyyəti dərk edirik və texnologiyanın inkişafı ilə paralel olaraq həm "Sandbox" rejimində sınaqlar aparır, həm də qanunvericiliyin təkmilləşdirilməsi üzərində çalışırıq. Bu proseslər uzlaşmalı şəkildə getməlidir. Vaxt tələb etsə də, əsas məqsəd gələcəkdə dayanıqlı və təhlükəsiz biznes mühitinin formalaşdırılmasıdır", - deyə o əlavə edib.