Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,9 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,5 % artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sentyabrda istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,5 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 %, qeyri-qida məhsulları üzrə 3,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,1 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 1,4 % artıb.
Sentyabrda ayrı-ayrı qida məhsullarından əsasən qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta, gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartof bahalaşıb, kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələm ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 % artıb. Qeyri-qida mallarından geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlər bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə avqusta nisbətən 0,6 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən ali və orta ixtisas təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.