Azərbaycan Metrologiya İnstitutunun mənfəəti kəskin artıb

Azərbaycan Metrologiya İnstitutu (AMİ) 2022-ci ili 3 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 76,6% çoxdur.

Ötən il AMİ-nin əsas əməliyyat (satışdan) gəlirləri 3,019 milyon manat (əvvəlki ilə nisbətən 3,5 % çox), satışının maya dəyəri 1,455 milyon manat (2,1 dəfə az), digər gəlirləri 240 min manat (3,4 % çox), inzibati xərcləri 1,8 milyon manat (16,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2 min manat (4,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə AMİ-nin aktivləri 5,228 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % azdır. Hesabat dövründə İnstitutun öhdəlikləri təxminən 2,7 dəfə azalaraq 43 min manata düşüb, balans kapitalı isə 0,1 % artaraq 5,184 milyon manata çatıb.

Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.

Digər xəbərlər