Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 15 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlar 10 milyon manat və 5 milyon manat olmaqla 2 tranşda çıxarılıb.
Qiymətli kağızlara 177 investor maraq göstərib. Belə ki, istiqrazların 1-ci tranşına 94 investor 13,752 milyon manatlıq 223 sifariş, 2-ci tranşına isə 83 investor 8,422 milyon manatlıq 347 sifariş təqdim edilib ki, müvafiq olaraq 94 investorun 223 sifarişi və 81 investorun 345 sifarişi təmin edilib. Bununla da, yerləşdirmə tam baş tutub.
1-ci tranşda istiqrazların müddəti 24 ay, illik faiz dərəcəsi 9 %, 2-ci tranşda isə istiqrazların müddəti 12 ay, illik faiz dərəcəsi 8,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.