Azər Bayramov: "İnkişaf prioritetlərimiz uzunmüddətli strateji baxışa əsaslanır"

Azərbaycan dəyişən qlobal mühitin çağırışlarını vaxtında qiymətləndirərək öz inkişaf prioritetlərini uzunmüddətli strateji baxış əsasında həyata keçirir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini qeyd edib ki, əldə edilmiş tarixi nailiyyətlər, formalaşdırılmış iqtisadi potensial və müasir infrastruktur ölkənin yeni strateji inkişaf mərhələsinə daha geniş imkanlarla daxil olması üçün möhkəm zəmin yaradıb: "Məhz bu əsasda hazırlanmış 2027-ci il dövlət büdcəsinin layihəsi yeni mərhələnin hədəflərinə nail olunmasında mü hüm rol oynayacaq. Bunu bir sıra iqtisadi göstəricilər də təsdiq edir: strateji valyuta ehtiyatları illik Ümumi Daxili Məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir; aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində qiymətləndirir. Ölkəmiz həm də yeni geoiqtisadi rol qazanıb: regionda yeni nəqliyyat bağlantılarının açılması Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindəki mövqeyini daha da gücləndirir".

A.Bayramov vurğulayıb ki, qarşıdakı mərhələnin əsas vəzifəsi formalaşmış bu potensialı daha yüksək əlavə dəyərə, məhsuldar məşğulluğa və artan rifaha çevirməkdir: "Növbəti mərhələdə formalaşdırılmış hüquqi çərçivə və müasir infrastruktur özəl investisiyaların, rəqabətqabiliyyətli istehsalın və ixracın genişlənməsinə xidmət etməlidir. Bunun üçün koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik".

Digər xəbərlər