ARDNF Suveren Fondların Beynəlxalq Forumunun 18-ci İllik iclasına qatılıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 11–13 noyabrda Yunanıstanın paytaxtı Afinada keçirilən Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 18-ci İllik iclasında iştirak edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Yunanıstanın İnkişaf Fondunun (Hellenic Growth Fund) ev sahibliyi etdiyi tədbir "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" mövzusuna həsr olunub. Suveren fondların və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, eləcə də investisiya sahəsi üzrə ekspertlərin iştirak etdiyi iclasda geosiyasi qeyri-müəyyənliyin və texnoloji inkişafın suveren fondların fəaliyyətinə təsiri müzakirə olunub.

Tədbirin ilk günündə ARDNF-in nümayəndələri SFBF-nin İdarə Heyətinin iclasında iştirak ediblər. İclasda Forumun qarşıdakı il üçün fəaliyyət istiqamətləri və iş proqramı, həmçinin üzvlük və idarəetmə ilə bağlı məsələlər nəzərdən keçirilib.

İ.Məmmədov "Geosiyasi ziddiyyətlər şəraitində suveren kapital" adlı panel sessiyasında Yunanıstanın "Hellenic Growth Fund", Kanadanın "Alberta Heritage Fund", İspaniyanın "COFIDES" fondlarının və Nigeriyanın Suveren İnvestisiya Qurumunun rəhbərləri ilə birgə çıxış edib. İ.Məmmədov dövlət büdcəsinə transfertlərin həyata keçirilməsi ilə gələcək nəsillər üçün milli sərvətin qorunması arasında tarazlığın saxlanılması, eləcə də qlobal iqtisadi mühitdə artan qeyri-müəyyənlik fonunda Fondun investisiya fəaliyyətinin təşkili barədə danışıb. O, maliyyə dayanıqlılığının təmin olunmasında investisiya portfelinin ayrı-ayrı hissələri üzrə aydın məqsədlərin müəyyənləşdirilməsinin, diversifikasiyanın və strateji tərəfdaşlıqların əhəmiyyətini qeyd edib. Eyni zamanda, İ.Məmmədov süni intellekt infrastrukturu sahəsində investisiya imkanlarının qiymətləndirilməsi zamanı uzunmüddətli risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

ARDNF-in Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev isə "Dayanıqlılıq üzrə fəaliyyət çərçivəsi: dəyişikliklər şəraitində idarəetmə" adlı panel müzakirəsində iştirak edib. Fondun təcrübəsini təqdim edən R.Rzayev Fondun portfelinin hansı hissəsinin likvid saxlanılacağını, hansı hissəsinin uzunmüddətli artım üçün investisiya ediləcəyini necə müəyyənləşdirdiyini izah edib. O, həmçinin səmərəli idarəetmənin, normativ tələblərə riayət olunmasının və etibarlı uzunmüddətli tərəfdaşlıqların təşkilatın dayanıqlılığının təmin edilməsində, maraqlarının qorunmasında və beynəlxalq investisiya bazarlarına çıxış imkanlarının saxlanılmasında əhəmiyyətini diqqətə çatdırıb.

İllik İclas çərçivəsində keçirilən səsvermənin nəticəsinə əsasən, SFBF-nin 2028-ci il İllik İclasının ARDNF-nin ev sahibliyi ilə Bakıda keçirilməsi qərara alınıb. Forumun təsisçi üzvlərindən biri -ARDNF yarandığı dövrdən təşkilatın fəaliyyətində fəal iştirak edir. Santyaqo Prinsiplərinin qəbul edilməsinin 20-ci ildönümünə təsadüf edən 2028-ci il İllik İclası suveren fondlar arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, investisiyaların idarə olunmasında beynəlxalq müzakirələrin davam etdirilməsinə töhfə verəcək.

Afina səfəri zamanı ARDNF nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının (CIC) İdarə Heyətinin sədri Zhang Qingsong, İndoneziya İnvestisiya Qurumunun (INA) İcraçı direktoru Oki Ramadhana, Beynəlxalq Valyuta Fondunun (BVF) Baş direktorunun birinci müavini Dan Katz və Yunanıstanın İnkişaf Fondunun Baş icraçı direktoru Yannis Papakristu ilə ikitərəfli görüşləri də baş tutub. CIC və INA ilə görüşlərdə Çin–ASEAN İnvestisiya Proqramı və Çin–ASEAN Birgə İnvestisiya Şurası çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Asiya bazarlarında yeni investisiya və birgə investisiya imkanları müzakirə edilib. BVF ilə görüşdə isə suveren fondların idarə olunması sahəsində mövcud yanaşmalar, Santyaqo Prinsiplərinin əhəmiyyəti və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Yunanıstanın İnkişaf Fondu ilə görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı və yeni investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.

2009-cu ildə yaradılmış SFBF suveren fondlar arasında əməkdaşlığın inkişafına, bilik və təcrübə mübadiləsinə, eləcə də qabaqcıl idarəetmə və investisiya təcrübələrinin təşviqinə xidmət edən beynəlxalq platformadır. Forumun fəaliyyətinin əsasını üzv qurumlar tərəfindən könüllü olaraq qəbul edilmiş 24 Santyaqo Prinsipi təşkil edir. Bu prinsiplər şəffaflığın, hesabatlılığın, səmərəli idarəetmənin və investisiya fəaliyyətində prudensial yanaşmanın təşviqinə yönəlib.

Digər xəbərlər