Qırğızıstan TRASEKA-nın çoxtərəfli icazələr sisteminə qoşulub

Qırğızıstan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) çoxtərəfli icazələr sisteminə qoşulma prosedurlarını başa çatdırıb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi məlumat yayıb.

TRASEKA icazəsi daşıyıcıya beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli sazişlərdə nəzərdə tutulan ayrı-ayrı icazələr almaq zərurəti olmadan, marşrutun keçdiyi bütün iştirakçı ölkələrin ərazilərindən avtomobil daşımaları həyata keçirmək hüququ verir.

İcazə birdəfəlik istifadə üçün nəzərdə tutulub. Bu, bir dairəvi reys çərçivəsində yüklə və yaxud yüksüz düz, eləcə də əks istiqamətdə daşıma həyata keçirməyə imkan verir, bu zaman sistemin iştirakçısı olan istənilən ölkəyə girişlərin sayı iki dəfədən çox olmamalıdır.

TRASEKA icazəsi universal xarakter daşıyır və ikitərəfli, tranzit daşımaları, həmçinin üçüncü ölkələrə/ölkələrdən daşımalar və onların müxtəlif kombinasiyaları üçün istifadə edilə bilər.

Hazırda Qırğızıstanın beynəlxalq avtomobil daşıyıcıları vahid TRASEKA çoxtərəfli icazəsindən istifadə edərək tranzit yük daşımaları, ikitərəfli daşımalar, eləcə də Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Türkiyə və Ukraynaya və bu ölkələrdən daşımalar üçün əlavə imkanlar əldə edəcəklər.

"Bu, Qırğızıstanın beynəlxalq daşıyıcıları üçün əlverişli şərait yaradacaq, Qırğızıstan mallarının Avropa, Türkiyə və Qara dəniz regionu bazarlarına çıxışını asanlaşdıracaq, nəqliyyat xərclərinin, eləcə də çatdırılma müddətinin azaldılması hesabına ixracın rəqabət qabiliyyətini artıracaq", - nazirlikdən bildirilib.

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25