EBRD regional əlaqəliliyin gücləndirilməsinin əsas şərtini açıqlayıb

Prosedurların uyğunlaşdırılması və mümkün maneələrin qabaqcadan aradan qaldırılması regional əlaqəliliyin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda bildirib.

O vurğulayıb ki, logistika dəhlizlərinin müddətlərinin, həcmlərinin və dayanıqlığının təhlili üzrə vəzifələr beynəlxalq maliyyə təşkilatlarının irəli sürdüyü ümumi islahatlar gündəliyi ilə təbii şəkildə uzlaşır: "Bu prosedurların istər Gürcüstanda, istər Qazaxıstanda, istərsə də Azərbaycanda vahid standartlara uyğunlaşdırılması bizim üçün olduqca vacib vəzifədir. Üstəlik, çox vaxt bu fəaliyyətə problemlər artıq yarandıqdan sonra deyil, ilkin mərhələdə başlamaq daha böyük əhəmiyyət kəsb edir".

Səmərəli əməkdaşlığın əyani nümunəsi kimi N.Mouravidze siyasətin formalaşdırılması sahəsində Avropa İttifaqı ilə birgə fəaliyyəti, o cümlədən Naxçıvan dəmir yolu xəttinin yenidən qurulması layihəsinə həsr olunmuş və hazırda davam edən analitik tədqiqatı qeyd edib: "Gözlənilir ki, bu layihə yeni nəqliyyat əlaqəsinin xüsusiyyətlərini və onun regional əlaqəliliyin ümumi strukturuna inteqrasiya olunmasını hərtərəfli qiymətləndirməyə imkan verəcək".

Digər xəbərlər