Almaniya şirkətlərinin Orta Dəhlizlə bağlı hədəfləri açıqlanıb

Almaniya şirkətləri Orta Dəhlizdə təkcə daşımalarla kifayətlənmək istəmir.

"Report" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru və İcraedici Şurasının üzvü Nargiz Vik Bakıda keçirilən Avropa İttifaqı – Azərbaycan Biznes Forumunda bildirib.

"Son iki ildə apardığımız təhlillər göstərir ki, Orta Dəhliz Almaniyanın biznes ictimaiyyəti arasında getdikcə populyarlaşır. Bu proses çox sürətlə baş verməsə də, dəhlizə maraq artır. Bunun əsas səbəblərindən biri geosiyasi dəyişikliklər və çətinliklərdir. Bu, şirkətlərin riskləri necə idarə etməsi ilə birbaşa bağlıdır. Söhbət təkcə Avropa ilə Asiya arasında nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsindən getmir. Təchizat zəncirlərinin şaxələndirilməsi də mühüm əhəmiyyət daşıyır. Almaniya sənayeyə və sənayedə əlavə dəyərin yaradılmasına xüsusi diqqət yetirən Avropa ölkəsi kimi bu məsələyə böyük önəm verir. Digər mühüm məqam Almaniya investorlarının Orta Dəhliz ekosisteminin bir hissəsinə çevrilməyə maraq göstərməsidir. Bu, multimodal terminallara və infrastruktura investisiyaları əhatə edir. Bununla belə, Almaniya iri tikinti və mühəndislik, satınalma və tikinti (EPC) layihələrini həyata keçirən şirkətləri ilə o qədər də tanınmır. Bizim əsas üstünlüyümüz təqdim etdiyimiz texnologiyalar və texniki həllərdir. Almaniya şirkətləri bu sahələrdə öz təcrübələrini bölüşə bilərlər", - deyə o qeyd edib.

Azərbaycana gəldikdə isə, spiker deyib ki, burada tərəfdaşlarıın yanaşmasında maraqlı bir məqam müşahidə edirlər: "Azərbaycanlı tərəfdaşlar Almaniya şirkətlərinin Orta Dəhlizdən yalnız malların A nöqtəsindən B nöqtəsinə daşınması üçün istifadə etməsini istəmirlər. Onlar, eyni zamanda, Almaniya şirkətlərinin Azərbaycanda və müxtəlif sektorlar üzrə regional mərkəzə çevrilməkdə olan iqtisadi ekosistemdə necə iştirak edə biləcəyini müzakirə etməkdə maraqlıdırlar. Bu, böyük üstünlükdür. Hesab edirəm ki, bu mövzu təkcə Almaniyada deyil, bütövlükdə Avropada müzakirə olunmalıdır. Məqsədimiz Orta Dəhlizin inkişafında iştirak etməklə yanaşı, regionda Avropa biznesinin iştirakını artırmaq və etibarlı tərəfdaş kimi mövqeyimizi gücləndirməkdir".

Digər xəbərlər