Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır"

Azərbaycanda POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, ölkə üzrə cəmi POS terminalların 62,1 %-i Bakı şəhərinin payına düşür: "Hazırda 1 ədəd POS terminala düşən əhali sayı 60 nəfərdir. Gürcüstanda hər POS terminal 29 nəfərə, Türkiyədə isə 47 nəfərə xidmət göstərir. Aktiv vergi ödəyicilərinin əhəmiyyətli hissəsi POS terminal xidmətlərindən istifadə etmir. Hazırda 883 min aktiv vergi ödəyicisinin olmasına baxmayaraq cəmi 184,4 min POS terminalın istifadə edir".

Deputat əlavə edib ki, digər çağrış POS terminallardan istifadə üzrə tariflərin yüksək olmasıdır: "Azərbaycanda debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri də yüksəkdir. Mastercard Türkiyədə debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri 0,65 %, Qazaxıstanda 0,9-1,3 % arasında dəyişdiyi halda müvafiq göstərici Azərbaycanda 1,14-1,73% arasında dəyişir. Azərbaycanda region ölkələrinə nisbətən daha yuxarı interçeync tarifləri tətbiq edilir. Standart müştəri kartı üzrə tətbiq edilənn tariflər Azərbaycanda 1,3-1,8 % arasında dəyişdiyi halda Türkiyədə müvafiq göstərici standart olmaqla 1,32 % (standart), Gürcüstanda 1-1.75%, Qazaxıstanda isə 0,9-1,1 % arasında dəyişir".

V.Bayramov qeyd edib ki, POS terminallardan istifadə ilə bağlı tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımdan da vacibdir: "Hazırda mikro sahibkalar üçün 2 %-lik sadələşdirilmiş dövriyyə üzrə vergi güzəştləri tətbiq olunur. Amma POS terminalardan istifadə üzrə ümumi tariflər hətta vergi dərəcəsindən də çoxdur. Bu o deməkdir ki, bir sıra hallarda nağdsız ödənişlərə üstünlük verən və şəffaf işləmək istəyən mikro sahibkar vergidən daha çox POS terminaldan istifadəyə görə banklara haqq ödəməlidir. Bu isə mikro sahibkarların nağdsız hesablaşmalara marağını azaldır. POS terminal tarifləri iqtisadiyyatın ağardılması üçün maneə olmamalıdır".

Digər xəbərlər