Azərbaycan süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı tələblər formalaşdırır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı tələblər formalaşdırır.

"Report" xəbər ki, bunu Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov təmsil etdiyi qurumun və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda bu tələblər qəbul olunacaq və dövlət qurumlarında tətbiqinə başlanılacaq: "Növbəti addımlar isə etik süni intellekt normativ qaydalarının və tələblərinin qəbul olunması, habelə dövlət qurumlarında təbii dil emalı modellərinin tətbiq olunması istiqamətində işlərin görülməsi olacaq. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) süni intellekt sahəsində artıq 5 standart qəbul edib. Bu standartlar etika, idarəetmə, təsir, audit və sınaq istiqamətlərini əhatə edir. Nazirlər Kabineti 2026-cı ildə artıq 11 prioritet istiqamət müəyyən edib və bu istiqamətlər üzrə müvafiq dövlət qurumları təyin edilib".

"Hazırda Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyində müxtəlif sahələrdə istifadə oluna bilən süni intellekt həlləri üzərində işlər gedir. Bir sıra dövlət qurumları süni intellekt həllərini artıq tətbiq edirlər və yaxud tətbiq etməyə hazırlaşırlar. Bununla yanaşı artıq görülən işlər də var. Belə ki, İqtisadiyyat Nazirliyində superkompüterlər alıb-gətirilərək quraşdırılıb və dövlət qurumlarının istifadəsinə verilib. Biz bildiyimiz qədər, "AzInTelecom"da da superkompüterlər quraşdırılmaqdadır və müxtəlif qurumlar ondan istifadə edir", - deyə idarə rəisi əlavə edib.

Digər xəbərlər