Estoniyalı ekspert: "Hələ ki heç bir ölkə süni intellekt sahəsində mütləq lider deyil"

Hazırda heç bir dövlət süni intellekt sahəsində mütləq lider deyil və bu da Azərbaycan, Estoniya və digər ölkələrin lider mövqelərə sahib olması üçün geniş imkanlar açır.

"Report" xəbər verir ki, bu barədə Estoniya Elektron İdarəetmə Akademiyasının icraçı direktoru və İdarə Heyətinin sədri Hannes Astok Astok Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

"Süni intellekt dövründə ən böyük uğur qazanacaq ölkələr diqqəti sadəcə vətəndaşlara texnologiyaların əsaslarını öyrətməyə deyil, onların məhsuldar və məsuliyyətli tətbiqi üçün şəraitin yaradılmasına yönəldəcəklər. Bu gün heç bir dövlət bu sahədə mütləq lider deyil və bu da Azərbaycan, Estoniya və digər ölkələr üçün geniş imkanlar açır", - o deyib.

Onun sözlərinə görə, cəmiyyətin süni intellekt sahəsindəki əsl fəaliyyət qabiliyyəti birgünlük seminarlarda deyil, gündəlik təcrübə vasitəsilə formalaşır: "Bunun üçün vətəndaşların və mütəxəssislərin alətlərə daimi çıxışa, təcrübə aparmaq imkanlarına, əks-əlaqəyə və rəqəmsal həlləri iş proseslərinə inteqrasiya etmək üçün vaxta ehtiyacı var".

H.Astok vurğulayıb ki, rəqəmsal transformasiyanın əsas çağırışı texnologiyaların özü deyil, təşkilati dəyişikliklər - idarəetmə modellərinin, normativ-hüquqi bazanın, satınalma mexanizmlərinin və kibertəhlükəsizlik standartlarının uyğunlaşdırılması olaraq qalır.

O qeyd edib ki, bu sahədə qlobal liderin olmaması Azərbaycan və Estoniyanın dövlət sektoruna süni intellektin tətbiqi üzrə qabaqcıl standartlar formalaşdırmaq və bütün beynəlxalq ictimaiyyət üçün inkişaf vektorunu müəyyən etmək şansı verir.

Digər xəbərlər