Azərbaycanda data mərkəzlərində Qrafik Prosessor Modullarının qurulmasına başlanılıb

Azərbaycanda data mərkəzlərində Qrafik Prosessor Modullarının qurulması prosesinə start verilib.

"Report" xəbər verir ki, bunu Mərkəzin rəsmisi İbrahim Süleymanov Bakıda keçirilən "Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq modullar alınıb və hazırda quraşdırılma işləri gedir: "Yaxın zamanlarda dövlət qurumları süni intellekt layihələrini bu avadanlıqlar üzərində apara biləcək. Mərkəzimiz bir sıra universitetlərlə bu sahədə əməkdaşlıq etməyə başlayıb və yaxın günlərdə artıq tələbələrlə startap layihələrinin üzərində işlərə başlanacaq'.

İ.Süleymanov qeyd edib ki, strateji hədəflərdən biri yarışma platformasının istifadə verilməsidir: "Burada tələbələr, gənclər ictimaiyyətlə süni intellekt üzrə müəyyən məsələləri paylaşacaq. İştirakçılar süni intellekt üzrə öz həllərini yarışmaya təqdim edəcəklər. Ən yaxşı həll təqdim edən iştirakçılar mükafatlandırılacaq. Platforma daimi olaraq fəaliyyət göstərəcək və mütəmadi olaraq orada yeni yarışlar keçiriləcək".

İ.Süleymanov eyni zamanda süni intellektin əsaslarından biri olan verilənlər bazasının yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb: "Azərbaycan dilində süni intellekt verilənlər bazasının yaradılması strateji hədəflərdən biridir. İnteraktiv tədris platformasının istifadəyə verilməsi planlaşdırılır. Burada həm tələbələrin, həm də şagirdlərin süni intellektin əsaslarını asan bir şəkildə mənimsəyə bilmələri üçün interaktiv tədris platforması fəaliyyət göstərəcək. Orada süni intellektə giriş üçün mövzular haqqında təhsil planları paylaşılacaq".

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda ölkədə yüksəksəviyyəli hesablama infrastrukturunun inkişafı məqsədilə Qrafik Prosessor Modullarının alınaraq Data Mərkəzlərində qurulması nəzərdə tutulur.

Digər xəbərlər