Azərbaycanda dövlət qurumlarına “SİMA Token” verilməsinə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət qurumlarına “SİMA Token” verməyə başlayıb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, bu məqsədlə şirkətin Müştəri Xidmətləri təkmilləşdirilib. Mərkəzi “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətlərində xidmət operatorlarının sayı artırılıb və texniki imkanlar gücləndirilib.

Vətəndaş məmnunluğunun artırılması üçün həyata keçirilən təkmilləşdirmə işləri sayəsində “SİMA Token”in verilməsi prosesinin sürətləndirilməsi, eləcə də daha operativ və keyfiyyətli xidmət göstərilməsi mümkün olacaq. Həmçinin bundan sonra Müştəri Xidmətlərində vətəndaş, sahibkar və hüquqi şəxslərlə yanaşı, dövlət qurumlarına da xidmət göstəriləcək.

“SİMA Token” “AzInTelecom” MMC-nin “Elektron imza”nın bazasında yeni yaratdığı “SİMA” rəqəmsal imza platformasına daxildir. İndiyədək “Elektron imza” adı altında təqdim olunan imza sertifikatının funksionallığı dəyişməyib. “SİMA Token”ə “Elektron imza” ilə bağlı şərtlər və qaydalar çərçivəsində sahib olmaq olar.

Digər xəbərlər