Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Maya Qasımova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyanın hökmü ilə Maya Qasımova 10 il 6 ay, Orxan Hüseynov 11 il, İsrafil Kərimov 11 il, Elçin Osmanov 11 il və Seyidsara Heydərova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il yanvarın 25-də Yasamal rayonunda baş verib. Bakı şəhər sakini Muxtar Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib. Bundan, təxminən, 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər. M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb ətrafdakıları köməyə çağırıb.
Polisə edilən müraciət əsasında dəstə üzvlərindən Orxan Hüseynov, daha sonra dəstənin digər üzvləri - M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova saxlanılaraq istintaqa cəlb ediliblər.