Lənkəran rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində iki kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun rayonun Separadi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi "Qazel" markalı yük avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolda dayanmış Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus "Mercedes" markalı avtomobilə, daha sonra isə Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi "VAZ-21099"a və marketin qarşısında dayanmış Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus "VAZ-2106"ya çırpılıb.
Zəncirvari toqquşmadan sonra "Qazel" yol kənarındakı elektrik dirəyinə də dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Həmçinin elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin ümumilikdə 6 minə yaxın sakini işıqsız qalıb.
Faktla bağlı araşdırma aparılır.