Prokuror Bakıda tanınmış həkimi şantaj etməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

Prokuror çıxışında E.İbrahimovun barəsində olan polis nəzarətində qətimkan tədbirini dəyişdirilərək həbslə əvəzlənməsini və onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu deyib.

Təqsirləndirilən E.İbrahimovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən klinikaların birində çalışan tanınmış nevropatoloq və EEG həkimi N.A (ad və soyadı şərti) ilə sosial şəbəkədə tanış olub. Daha sonra E.İbrahimov onunla münasibət qurub. Bir qədər keçəndən sonra o, qadını rüsvay etməklə şantaj edərək ondan 8 min manatdan çox pul alıb.

Daha sonra həkim E.İbrahimovdan hüquq-mühafizə orqanlarına şikayət edib və o saxlanılıb.

E.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, ittihamları qəbul etmədiyini və həmin qadından pulu yardım məqsədilə istədiyini söyləyib.

Digər xəbərlər