Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Prospektdə hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetmədən çıxıb. Maşın ilk olaraq yol kənarında dayanan "Chevrolet" markalı avtomobilə, daha sonra ağaca və köşkə çırpılıb.
Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq qalıb. Qadın aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.