Daşkəsəndə arvadını öldürən şəxsin intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB

Gəncə. 26 fevral. REPORT.AZ/ Ötən gün Daşkəsən rayonunun Əhmədli kəndində qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxs intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, fevralın 25-də Əhmədli kəndində qeyri-rəsmi nikahda yaşadığı həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahizər Məhəmməd qızı Abbasovanı küt alətlə qətlə yetirib hadisə yerindən qaçan Daşkəsən rayon Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Şəmil oğlu Bağırov Gəncə şəhərinə gələrək Məhsəti qəsəbəsində yerləşən özünə məxsus evdə bu gün özünü asıb. 

Məlumata görə, Q.Bağırov həmin evi kirayə verib və dünən hüquq-mühafizə orqanları əməkdaşlar tərəfindən evə baxış keçirilsə də, onu orada tapmaq mümkün olmayıb. Bu gün isə evdə kirayədə yaşayan şəxsin dediyinə görə, o, səhər saatlarında xəstəxanaya gedib, evə geri qayıdan zaman ev sahibinin dam tövləsində özünü asdığını görüb. Kirayənişin bununla bağlı Q.Bağırovun Çanaqçı kəndində yaşayan və bir ay əvvəl boşandığı keçmiş həyat yoldaşına məlumat verib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.


*** 18:35

Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib hadisə yerindən qaçan şəxs intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki yaşadığı evdə özünü asaraq intihar edib.

Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14