Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Cəlil Cəlilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.
İttiham aktına əsasən, C.Cəlilov 2016-cı il dekabrın 22-də həbs edilib. O, "Binə" Ticarət Mərkəzində yerləşən konteynerlərin birindən 13 min 346 manat dəyərində məhsul oğurlamaqda təqsirli bilinib. C.Cəlilov dəyən ziyandan 6200 manatı ödəyib, lakin 7146 manat ödənməmiş qalıb.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.