Bakıda keçmiş məhkum oğurladığı velosipedləri satarkən saxlanılıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 6-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri Z.Abdullayev və S.Əhmədzadə evlərinin girişindən velosipedlərinin oğurlandıqlarını bildiriblər.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurladığı velosipedləri satmaq istəyən şəxs cinayət başında yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məlikov olduğu məlum olub. Onun iyunun 4-nə keçən gecə daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.

Velosipedlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər