Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rahib Banayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Babayev vəkilinin suallarını cavablandırıb.
O deyib ki, mərhum arvadı iki dəfə ona bıçaqla xəsarət yetirib: "Bir dəfə evdə onunla mübahisə etdik. Həmişə çantasında bıçaq gəzdirirdi. Bıçağı atanda sağ buduma dəyib batdı. Sonra mən Binədə kirayə ev tutub getdim. Amma məni izləməyə başladı. Yolda rastlaşanda yenə mənə bıçaq çıxardı. Sinəmə vuranda çəkildim. Sinəmi yaraladı".
R.Babayev hadisə günü baş verənlərlə də bağlı danışıb. O, həmin vaxt uşaqlarının yatdığını bildirib: "Ülviyyə yenə də mənimlə mübahisə elədi. Bıçaqla özünə xəsarət yetirmək istədi. Qollarını kəsmək istəyəndə mən onu tutdum, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sonra saat 3-də mübahisəmiz düşdü. O, mən yatanda şəklimi çəkib, yeni ailə həyatı qurduğum qadının qardaşına göndərib. Deyib ki, "Rahib mənim yanımdadı, sən gəl, bacını apar". Mən də buna əsəbləşdim. Mübahisəmiz düşəndə qışqırmağa başladım. Əllərimlə boğazından tutub onu sıxdım, boğuldu".
O, əməlindən peşman olduğunu söyləyib: "Şərəf və ləyaqətimi alçatdığı üçün bu cinayəti etdim. Peşmanam. Özümü də, onu da bədbəxt etdim. Uşaqlarımın isə həyatını məhv elədim".
Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi ev 67-də baş verib.
Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaş, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci Polis Bölməsinə gələrək təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Saxlanılan Rahid Babayev istintaqa verdiyi ilkin ifadəsi zamanı bildirib ki, 2 ildir Ü.Orucəliyevadan ayrılıb, 2 azyaşlı övladları var.
Onun sözlərinə görə, Ü.Orucəliyeva onun qabağını kəsərək "səni qoymayacam evlənəsən, qayıt yanıma" deyib: "Birtəhər onu sakitləşdirdim və yaşadığı mənzilə apardım. Ancaq o, evdə də sakitləşmədi məni təhqir etməyə başladı. Mən də dözmədim, gecə saatlarında onu boğaraq öldürdüm".