Abşeronda xalasının ərini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalasının ərini yumruqla vurub öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Abşeron rayon Saray qəsəbəsində baş verib.

Belə ki, V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənəb V.Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. Yumruq zərbələrindən M.Şakirov yerə yıxılıb. O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər