Vaqner da Silva: "Qarşımıza çempion olmaq hədəfini qoymuşduq"

"Bu sevinc hissləridir. Qarşımıza çempion olmaq hədəfini qoymuşduq. Buna da nail olduq. Hər zaman demişdik ki, hədəfimiz çempionluqdur. Çox sevincliyik".

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Premyer Liqanın qalibi olan "Qarabağ"ın qapıçısı Vaqner da Silva söyləyib.

Qolkiper Azərbaycanda keçirilən çempionata alışdığını bildirib:

"Mən artıq bilirəm ki, daxili oyunlara və avrokubok matçlarına nə qədər azarkeş gəlir. Stadionlara daha çox fanatın gəlməsi çempionata daha çox nüfuz gətirir. Bu futbolçulara da motivasiya verir. Əsas olan çempion olmağımızdır. Buna görə də çox sevinirəm".

Braziliyalı oyunçu çempionatdakı əsas rəqibləri "Neftçi" barədə də danışıb:

"Futbolda belə şeyləri çox görmüşük. 5-6 xal fərqi ilə irəlidə olan komanda yekunda çempionluğu əldən verib. Belə halların şahidi olmuşuq. Avropa Liqasındakı oyunlarımız yekunda çempion oyunlarımıza da təsir edirdi. Burada məşqçinin payını xüsusi qeyd etmək istərdim. Çünki mövsüm ərzində bizi boşalmağa qoymadı".

Qapıçı çempionluğa rəğmən cari mövsüm "Neftçi"ni məğlub edə bilməmələrinə də toxunub:

"Çempionat ayın 11-i bitir. Rəqibin kimliyindən asılı olmayaraq "Qarabağ" olaraq bütün oyunlara qələbə üçün çıxırıq. "Neftçi" ilə matç da istisna olmayacaq".

Vaqner da Silva son olaraq Ağdam təmsilçisi ilə bir illik müqaviləsi olduğunu və komandada qalacağını deyib.

Digər xəbərlər