Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalı beynəlxalq təcrübəsi olmayan yeniyetmələrin və Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis nəticədən daha çox potensialın vacib olduğunu bildirib:

"Nəticə həmişə önəmlidir. Hər matçda uşaqların meydana qələbə əzmi ilə çıxmasına baxmayaraq, reallıq sözünü dedi. Lakin ən vacibi odur ki, potensiallı uşaqların olduğunu gördük. Bundan sonrakı işlər düzgün görülməlidir. Aşağı yaş qruplarından başlayaraq, bütün futbolçuları nəzarətdə saxlamaq və onlara özlərini göstərmək üçün AFFA rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb".

O, turnirin təşkilatçılığını və yaradılan infrastrukturu yüksək qiymətləndirib:

"Arsen Venger də bildirmişdi ki, ilk dəfə Azərbaycanda keçirilən bu çempionat hər kəsin xoşuna gəlib. Yarışdan qalan infrastrukturdan səmərəli istifadə etməklə gələcəyə ümidlə baxa bilərik. Bu infrastruktur qısa müddətdə inşa edilərək, Azərbaycan futboluna verilib. Ölkə bütün sahələrdə inkişaf etdiyi bir vaxtda futbol da geridə qalmamalıdır. İnanırıq ki, gələcək nəsil bunu dərk edib hər kəsi sevindirməyə çalışacaq".

Komitə sədri yarışın gənc oyunçular üçün böyük təcrübə olduğunu vurğulayıb:

"Əvvəllər 15 yaşadək futbolçulardan ibarət yığma yox idi. Bu, 8-in 8-ə formatında keçirilən innovativ yarış idi. Beynəlxalq təcrübəsi olmayan oyunçular fərqli futbol məktəblərinin nümayəndələri ilə mübarizə apararaq böyük təcrübə topladılar. Nəticə bəlkə də tam qane etmir, lakin oyunçuların potensialı var. Nəticə birdən-birə olmur. Bu çempionat Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək".

Qeyd edək ki, Azərbaycan milisi U-15 dünya çempionatı və festivalını 84-cü pillədə başa vurub. 189 ölkənin qatıldığı yarışın qalibi İspaniya millisi olub.

Digər xəbərlər