Təmkin Xəlilzadə: "Oyuna yaxşı hazırlaşmışdıq"

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Oyuna yaxşı hazırlaşmışdıq. Doğma azarkeşlərin önündə oynayırdıq və ancaq 3 xalı fikirləşirdik. Şükürlər olsun ki, xalqımızı utandırmadıq və qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının heyətində debüt edən "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Cinah müdafiəçisi millidəki ilk oyunda həyəcan hiss etmədiyini bildirib: "Təbii ki, həyəcan yox idi, normal bir oyun kimi baxırdım. Bunu siz daha yaxşı bilərsiniz ki, mən oyun ərzində necə təsir bağışlayırdım".

Yığmanın 4-cü qolu məhz Xəlilzadənin ötürməsindən sonra avtoqolla vurulub. Debütant qələbədə pay sahibi olmasına sevindiyini bildirib: "Yaxşı komandamız, yaxşı baş məşqçimiz var və fürsətlərdən maksimum yararlanmalı idik. Bunu da bacararaq, 5 qol vurduq. Kiçik də olsa, qələbədə pay sahibi oldum. Çox sevinirəm. Ancaq əsas olan komandanın qələbəsi idi. Əlbəttə, qol buraxmasaydıq, daha yaxşı olardı. Qismət".

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05