"Neftçi"nin yeni baş məşqçisi: "Klubun layihəsini bəyəndim"

"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub klubun layihəsini bəyənib.

"Report"un məlumatına görə, mütəxəssis bu barədə paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində bildirib.

Ukraynalı baş məşqçi "ağ-qaralar"a gəlişi və hədəflər haqqında danışıb.

"Əslində, həm ölkə daxilindən, həm də xaricindən təkliflərim var idi. Amma "Neftçi"dən təklif gələn kimi digərlərini kənara qoydum. Çünki "Neftçi" böyük tarixə malik klubdur. Komandanı hələ SSRİ çempionatından tanıyıram. Özüm də futbolçu kimi "Neftçi"yə qarşı oynamışam. "Neftçi" Ukraynada da çox populyardır. Rəhbərliklə söhbətimizdən sonra klubun qarşısında hansı hədəflərin dayandığını gördüm. Layihəni çox bəyəndim. Burada sistemli iş aparılır və klubun böyük planları var. Hazırda nəticələr çox da ürəkaçan olmasa da, bunlar müvəqqətidir. Nəticələri birlikdə yaxşılaşdıracağıq".

O bildirib ki, heyət çox keyfiyyətli futbolçulardan ibarətdir:

"Klub gözəl və hədəflərə uyğun transfer siyasəti həyata keçirib. Hər mövqedə güclü futbolçular toplaşıb. Onlardan gözləntilərim yüksəkdir. Çalışacağıq ki, qısa zamanda komandaya öz oyun fəlsəfəmizi aşılayaq, həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən onları yeni səviyyəyə qaldıraq. Vaxt gedir, artıq çempionatın ortasındayıq. İşə düzgün yanaşsaq, məqsədimizə çatacağıq. Yaxın vaxtlarda hər hansı bir transferin həyata keçirilməsi gündəmdə deyil. Əlbəttə, uzunmüddətli planda komandanın möhkəmləndirilməsi var, amma indi əsas prioritet əlimizdə olan futbolçuların oyun səviyyəsini bir qədər də qaldırmaqdır. Onlara güvənirəm".

Baş məşqçi qarşıdakı hədəflərdən də söz açıb:

"Əvvəlcə mütləq şəkildə nəticələri yaxşılaşdırmalıyıq. İşimiz çoxdur, amma qorxmuruq. Artıq bir neçə məşq keçmişəm, futbolçularda da istək və əzm hiss olunur. Rəhbərlikdən də ilk gündən yalnız dəstək görürəm. İnanıram ki, bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. İlk söhbətimizdə də rəhbərlikdən xahiş etdim ki, hər dəqiqə mənim və futbolçuların yanında olsunlar. Biz bir-birimizi çox yaxşı başa düşdük. Hədəflərə gəlincə, "Neftçi"yə yalnız çempionluq yaraşır. Düzdür, indi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq. Vuruşacağıq, sonadək mübarizə aparacağıq. Ən azı bunun üçün sona qədər döyüşəcəyik, əlimizdən nə gəlirsə, edəcəyik. Elə "Sumqayıt"la matçdan etibarən qələbələri sıralamağa çalışacağıq".

Y.Vernidub son olaraq azarkeşlərə müraciət edib:

"Bu komanda necə böyükdürsə, elə də böyük azarkeşi var. Kiçikdən böyüyə ürəyi "Neftçi" ilə döyünən azarkeş ordusu var. Bunu bilirəm. Hər şeyin fərqindəyəm. "Neftçi"ni hər oyunda, nəticədən asılı olmayaraq, sonadək dəstəklədiklərindən xəbərdaram. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, onların ümidlərini doğruldaq, hər oyundan sonra onları evlərinə sevinclə yola salaq. Azarkeşlərdən də xahiş edirəm ki, futbolçulardan dəstəklərini əsirgəməsinlər".

Digər xəbərlər