Salah Premyer Liqada Runinin rekordunu yeniləyib

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında bir klubun heyətində göstərdiyi nəticələrə görə rekorda imza atıb.

"Report" xəbər verir ki, bu barədə "Opta Sports" statistika platforması məlumat yayıb.

Belə ki, dekabrın 13-də forvard "Brayton"la oyunda məhsuldar ötürmə verib. Bu isə Məhəmməd Salahın "Liverpul" formasında 277-ci uğurudur. Misir yığmasının 33 yaşlı hücumçusu Premyer Liqada "Mançester Yunayted"in oyunçusu olmuş Ueyn Runinin rekordunu yeniləyib. Məlumat üçün bildirək ki, Runinin qol və məhsuldar ötürmə sayı 276-ya bərabərdir.

Bu həftə Çempionlar Liqasında "İnter"ə qarşı oyunda (1:0) məşqçilər korpusu Salahı meydana buraxmayıb. Səbəb isə onun baş məşqçi Arne Slotu tənqid etməsidir. Çünki Slot son üç matçda hücumçünu ehtiyat oyunçular skamyasında saxlayıb.

Futbolçu bildirib ki, "Brayton"la oyundan sonra Afrika Millətlər Liqasında iştirak üçün Misir yığmasının toplanış məntəqəsinə yola düşəcək.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul" forması ilə 20 oyun keçirib, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə onun müqaviləsinin müddəti 2027-ci ilin yayında tamamlanacaq.

Digər xəbərlər