Kot-d'İvuar və Nigeriya yığmaları Afrika Millətlər Kubokunun finalında oynayacaqlar

Kot-d'İvuarın futbol yığması Afrika Millətlər Kubokunun yarımfinal matçında Konqo Demokratik Respublikası komandasını 1:0 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, turnir Kot-d'İvuarda keçirilir.

Qarşılaşmadakı yeganə qolu 65-ci dəqiqədə hücumçu Sebastyan Aller vurub.

Finalda Kot-d'İvuar komandası digər yarımfinal matçında Cənubi Afrikanı məğlub edən Nigeriya ilə qarşılaşacaq. Bu matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə nigeriyalılar 4:2 hesabı ilə qalib gəliblər.

Yarımfinalda məğlub olanlar fevralın 10-da baş tutacaq üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Final bir gün sonra reallaşacaq.

Afrika Millətlər Kuboku əvvəlcə 2023-cü ildə keçirilməli idi. Lakin hava şəraitinə görə 2024-cü ilə təxirə salınıb. Sonuncu dəfə turnir 2022-ci ildə baş tutub. Həmin vaxt Seneqal komandası qalib gəlib.

Digər xəbərlər