"Kəpəz"in baş məşqçisi: "Komanda iki gün məşq etmədən meydana çıxırsa, nə demək olar"

Komanda iki gün məşq etmədən meydana çıxırsa, nə demək olar.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Zirə"yə qarşı Misli Premyer Liqasının XXIV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, ilk öncə oyunun keçirilməsi ilə bağlı fikirlərini bölüşüb:

"Dünən stadiona gəldik, amma məlum vəziyyətə görə görüş baş tutmadı. Bu gün üçün matça bir vaxt təyin etdilər, yenə saatı dəyişdilər. Təyin olunan saatda da görüş başlamadı. Futboldan anlayanlar bunun oyunçulara nə qədər təsir etdiyini yaxşı bilirlər. Uşaqlar bu gün çox əziyyət çəkdilər. Saat 12:30-da nahar etdik, yola çıxdıq, 15:30-dan da stadiondayıq. Bura çatanda bildirdilər ki, görüşün vaxtı dəyişib. Geri qayıtmışıq, halbuki arenaya çatmışdıq. İki-üç saat boş vaxt keçirmişik. Son iki gündə məşq etməmişik. Gəldiyimiz gün qara görə meydan yox idi. Dünən də vəziyyət eyni oldu. Komanda yenə məşq edə bilmədi. İki gün məşq etmədən futbolçu meydana çıxırsa, nə demək olar. Bunlar nəzərə alınmalıdır".

Mütəxəssis zədə amilini də qabardıb:

"Zədə amili var. Banı fasilədə zədəyə görə əvəzlədik. Daha iki futbolçumuzun zədəsi var. Elə də geniş heyətimiz yoxdur. Futbolda incə məqamlar var. Oyunçu da insandır. Onu istismar etmək olmaz. Bu şərtlər altında matçın keçirilməsi başadüşülən deyil. Oyun barədə çox şey demək istəmirəm. Hər şeyi gördünüz. Rəqibi təbrik edirəm".

Qeyd edək ki, XXIV turun "Zirə" - "Kəpəz" görüşündə qərb təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

Digər xəbərlər